İnsan papilloma virusunun 100-dən artıq tipi var, və bunun təqribən yarısı genital ziyilin etiyologiyasında rol oynayır. Xəstəliyin inkubasiya dövrü (yəni yoluxmadan xəstəliyin simptomlarının ortaya çıxmasına qədər keçən vaxt) bir neçə həftədən bir neçə ilə qədər dəyişə bilər.
Əlamətləri genital bölgədə kiçik, dəri rəngində vəya qırmızımtıl-qəhvəyi rəngli qabarıqlıqlardan ibarətdir. Qabarıqlıqlar getdikcə böyüyüb birləşərək üzəri çıxıntılı kütlələr əmələ gətirə bilər.
Diaqnoz dermatoveneroloq tərəfindən klinik müayinə nəticəsində qoyulur. Şübhəli hallarda biyopsiya oluna bilər.
Müalicəsində evdə tətbiq oluna bilən və doktorunuzun klinikada həyata keçirə biləcəyi metodlar var.
Klinikada oluna bilənlərə kriyoterapiya, koterizasiya, lazer müalicəsi kimi destruktiv metodlar aiddir. Ev şəraitində podofillin, podofilotoksin, imikimod kimi dərmanlar istifadə oluna bilər. Dermatoloq ziyillərin böyüklüyündən, sayından, yerləşmə yerindən asılı olaraq uyğun müalicəni seçəcəkdir.
Tam müalicə sonrasında ziyillərin təkrar etmə ehtimalı vardır. Ona görə kontrol müayinələrə ehtiyac olur. Qadınlarda bu virusun artırdığı serviks kanseri riski səbəbindən ən az ildə 1 dəfə ginekoloji müayinədən keçilməli və yayma (smear) olunmalıdır.
Əgər sizdə genital ziyil olduğundan şübhələnirsizsə mütləq cinsi partnyorunuzla birgə dermatoloq (dermatoveneroloq) tərəfindən müayinə olmalısınız. Əgər sizə genital ziyil diaqnozu qoyulsa mütləq digər cinsi yolla yoluxan infeksiyalar da araşdırılmalıdır.
Xəstəlikdən qorunmağın əsas yolu cinsi partnyor dəyişməktən qaçınmaqdır. HPV peyvəndləri də virusun bəzi tiplərindən qorunmağa kömək edir.
Dr. Lalə Mehdi
Tel: 050 444 33 76